Səmavi bəxşiş duaları (#4697)

Sən görürsən, Ey mənim Allahım, Sənin sevimlilərin Sənin məxluqların arasında asilərlə və Sənin xalqın arasında şər adamlarla necə əhatə olunmuşlar. Bir torpaq qalmayıb ki, orada Sənin aşiqlərinin fəryadı və seçilmişlərinin ah-naləsi ucalmasın. Səni and verirəm Sənin Ən Böyük Adına, qüvvət əlini Özünün qüdrət qoynundan çıxar və onunla Səni sevənlərə yardım eylə.

Sən görürsən, Ey mənim Allahım, onların gözləri Sənə yönəlib, nəzərləri Sənin qüdrətinin və mehriban inayətinin Məşriqinə dikilib. İlahi, onların zillətini izzətə, fəqirliyini zənginliyə və zəifliyini Səndən gələn gücə çevir.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Hər Şeydən Xəbərdarsan.

-Bahá'u'lláh
-----------------------

Səmavi bəxşiş duaları (#4698)

Alqış Sənə, Ya Rəbb mənim Allahım! Sənin hökmran qüdrətinin çaylarını aşkar eylə ki, Sənin Birliyinin suları bütün şeylərin zatından axsın, elə axsın ki, Sənin qüsursuz hidayətinin bayrağı Sənin əmr səltənətində ucalsın və Sənin ilahi şəfəqinin ulduzları Sənin əzəmət göyündə parlaq işıq saçsın.

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Əzəmətli və Qəyyumsan

-Bahá'u'lláh
-----------------------

Səmavi bəxşiş duaları (#4699)

İzn vermə, Ey Allah, mənim Allahım, Sənin nemət səmandan və Sənin bəxşiş günəşindən məhrum qalım. Səni and verirəm o Kəlama ki, onunla görünən və görünməyən bütün şeyləri tabe etdin, mənə və Sənin seçilmişlərinə yardım eylə ki, Sənin Əmrini Sənin bəndələrin arasında və Sənin diyarlarında ucaldan şeylərə nail olaq. Sonra Öz Kitabında nazil etdiyin bütün xeyir-bərəkətləri mənə qismət eylə.

Həqiqətən, Sən Qüdrətli, Həmişə Bağışlayan, Ən Səxavətlisən.

-Bahá'u'lláh
-----------------------

Səmavi bəxşiş duaları (#4700)

Ya Rəbb! Sənin ilahi Birlik Ağacının tez böyüməsinin qayğısına qal; sonra, Sənin razılığının axar suları ilə onu sula, Ya Rəbb, Sənin ilahi təminatının təzahürləri qarşısında izn ver ki, Səni alqışlamaq və vəsf etmək, Səni tərif etmək və Sənə şükr etmək, Sənin Adını ucaltmaq, Sənin Zatının vahidliyini yüksəltmək və Sənə pərəstiş etmək üçün Sənin istədiyin meyvələri versin, çünki bütün bunlar Sənin əlindədir və başqa hec kəsin əlində deyil.

Qanları ilə Sənin müqəddəs və sabit Sözünü ucaltmaq üçün seçdiyin kəslərin xoş halına!

-The Báb
-----------------------

Səmavi bəxşiş duaları (#4701)

Ya Rəbb! Sənin günlərində səbrli olan bəndələrinə layiqli qələbələrlə zəfər bəxş eylə, cünki onlar Sənin yolunda şəhidlik istədilər. Onlara o şeyləri nazil eylə ki, ürəklərinə rahatlıq gətirsin, könüllərini sevindirsin, qəlblərinə arxayınlıq və bədənlərinə sakitlik versin, onların qəlblərini Allahın, Ən Uca Olanın hüzuruna yüksəlməyə qabil etsin və onlar uca Cənnətə və elə şərəf məkanına yetişsinlər ki, sən onu irfan və mərifət sahibiləri üçün müəyyən etmisən. Həqiqətən, Sən hər şeyi bilirsən, bizsə yalnız Sənin bəndələrin, qulların, kölələrin və fəqirlərinik. Səndən başqa bir Rəbb çağırmırıq, Ey Allah, bizim Rəbbimiz, nə də Səndən özgə bir kəsdən xeyir-bərəkət və fəzl istəyib yalvarırıq, Sən Ey bu dünyanın və axirətin mərhəmət Rəbbi. Biz yoxsulluq, fanilik, köməksizlik və heçlik təcəssümüyük, Sənin bütün Varlığın isə zəngilik, müstəqillik, cəlal, əzəmət, sonsuz fəzilət mücəssəməsidir.

Ya Rəbb, həm bu dünyanın, həm də o biri dünyanın xeyrindən və göydən yerədək olan kəramətindən Sənə layiq şeyləri bizim mükafatımız eylə.

Həqiqətən, Sən bizim Rəbbimizsən və hər şeyin Rəbbisən. Biz özümüzü Sənin əllərinə təslim edirik və Sənə məxsus olan şeyləri istəyirik.

-The Báb
-----------------------

Səmavi bəxşiş duaları (#4702)

Ya Rəbb! Yer üzünün bütün xalqlarını Sənin Dininin Cənnətinə daxil olmağa qadir eylə, belə ki, heç bir yaradılmış varlıq Sənin razılığının hüdudlarından kənarda qalmasın.

Əzəldən Sən istədiyini etməyə qadir olmusan və istədiyinin fövqündə əlçatmaz olmusan.

-The Báb
-----------------------

Səmavi bəxşiş duaları (#4703)

Alqış Sənə, Ya Rəbb, Sən Ey bütün yaranmış şeyləri Öz əmrinin qüdrəti ilə xəlq edən Allah!

Ya Rəbb! Səndən başqa hər şeydən imtina etmiş kəslərə yardım eylə və onlara böyük qələbə bəxş eylə! Göydə, yerdə və onların arasında olan mələklər qoşununu, İlahi, onlara göndər ki, Sənin bəndələrinə kömək etsinlər, onlara yardım göstərsinlər, onları gücləndirsinlər, onları uğur qazanmağa qabil etsinlər, onlara dayaq dursunlar, onlara izzət əta etsinlər, şərəf və ucalıq bəxş etsinlər, onları zəngin etsinlər və ecazkar zəfərlərlə qalib etsinlər.

Sən onların Rəbbisən, göylərin və yerin Rəbbisən, bütün aləmlərin Rəbbisən. Bu bəndələrin gücü ilə bu Əmri qüvvətləndir, İlahi və onları qadir eylə ki, bütün dünyanın insanlarına üstün gəlsinlər; çünki onlar, doğrudan, Sənin o bəndələrindir ki, Səndən başqa hər şeydən özlərini ayırıblar və Sən, həqiqətən, həqiqi möminlərin Qoruyucususan.

İzn ver ki, İlahi, onların ürəkləri, Sənin bu sarsılmaz Əmrinə sədaqətli olmaqla, hər şeydən, yerdə və göydə və onların arasında olanlardan daha güclü olsun və Sənin ecazkar qüdrətinin əlamətləri ilə, Ya Rəbb, onların əllərini gücləndir ki, onlar Sənin qüdrətini bütün bəşərin gözü qarşısında zahir etsinlər.

-The Báb
-----------------------

Səmavi bəxşiş duaları (#4704)

Ey Allah, mənim Allahım! Təriflər olsun Sənə, cünki Sən ən uca dağın zirvəsində Müqəddəs Ağacda ilahi məhəbbət atəşini yandırdın: o Ağac ki, “nə Şərqdəndir, nə də Qərbdən. 1” o atəş ki, onun alovu qalxıb Səma sakinlərinə yetişdi və bundan o varlıqlar hidayət işığı əldə etdilər və söylədilər: “Həqiqətən, biz Tur Dağının yamacında bir od gördük.” 12

Ey Allah, mənim Allahım! Günlər bir-birini əvəz etdikcə, bu odun alovunu artır, o vaxtadək ki, onun alovu bütün yer kürəsini hərəkətə gətirsin. Sən Ey mənim Rəbbim! Öz məhəbbətinin işığını hər bir ürəkdə yandır, elminin ruhunu insanların qəlbinə üfür, onların könüllərini Sənin birlik ayələrinlə sevindir. Qəbirlərində onlanları həyata gətir, təkəbbür əhlini ayılt, xoşbəxtliyi bütün dünyaya yay, Sənin saf sularını yağdır və aşkar təcəlli toplantılarında “kafur çeşməsində hazırlanmış” pialəni əldən-ələ ötür. 3(Quran 76-5)

Həqiqətən, Sənsən Bəxşedən, Bağışlayan, Ətaedən. Həqiqətən, Sənsən Mərhəmətli, Şəfqətli.

-`Abdu'l-Bahá
-----------------------

Səmavi bəxşiş duaları (#4705)

Odur Allah! Ya Rəbb, mənim Allahım, mənim Məhbubum! Bunlar Sənin o bəndələrindir ki, Sənin Səsini eşidiblər, Sözünə qulaq veriblər və Çağırışını dinləyiblər. Onlar Sənə iman gətirib, möcüzələrinə şahid olublar, Sənin sübütlarını etiraf edib, dəlillərinə şəhadət veriblər. Onlar Sənin yollarında addımlayıblar, Sənin hidayətinə tabe olublar, Sənin sirlərini açıblar, Sənin Kitabının, Sənin Səhifələrinin ayələrinin, Sənin Namələrinin və Lövhlərinin müjdələrinin gizli sirlərini anlayıblar. Onlar Sənin libasını ətəyindən yapışıblar, Sənin nurunun və əzəmətinin əbasından möhkəm tutublar. Onların qədəmləri sənin Əhdində möhkəmlənib və onların ürəkləri Sənin Peymanında qətiyyət əldə edib. Ya Rəbb! Onların ürəklərində Sənin ilahi cazibənin odunu yandır və izn ver ki, eşq və anlayış quşu onların ürəklərində oxusun. Onları sarsılmaz əlamətlərə, parlaq nümunələrə çevir və Öz Sözünü kimi onları kamil eylə. Onların vasitəsilə Öz Əmrini ucalt, bayraqlarını dalğalandır və möcüzələrini hər yana aşkar eylə. Sözünü onlara qalib eylə və sevimlilərinin qurşaqlarını bərkit. Onların dillərini azad et ki, Sənin Adını ucaltsınlar və onları Sənin müqəddəs iradən və razılığına uyğun olan əməllərə ruhlandır. Sənin müqəddəslik səltənətində onların üzünü nurlandır və Əmrinin zəfəri naminə ayağa qalxmaqa kömək etməklə onların sevincini tamamla.

Ya Rəbb! Biz zəifik, bizi gücləndir ki, Sənin müqəddəslik rayihələrini yayaq; biz fəqirik, bizi Sənin İlahi Birlik xəzinələrindən zəngin eylə; üryanıq, bizi Sənin kəramətinin libasına bürü; günahkarıq, Öz fəzlinlə, Sənin lütfün və əfvinlə günahlarımızı bağışla. Sən, həqiqətən, Yardımçı, Köməkedən, Fəzl Sahıbi, Güdrətli və Qüvvətlisən.

Səbatlı və möhkəm olanların üzərinə Bəha olsun.

-`Abdu'l-Bahá
-----------------------

